Rusiyada mühacir kimi gələrək vətəndaşlıq alan bəzi Orta Asiya əsilli şəxslərə qarşı hərbi xidmətdən yayındıqları iddiası ilə iş açıldığı bildirilib.
Hafta.az-ın Rusiya mətbuatına istinadən yazdığına görə, prokurorluq istintaq komitəsi sonradan Rusiya vətəndaşlığını qəbul edən şəxslərə qarşı hərbi xidmətdən yayınma ittihamı ilə indiyədək 22 iş açıb.
Prokurorluğun bəyanatında bildirilib ki, axtarışlar nəticəsində sonradan vətəndaşlıq almış 80-dən çox keçmiş mühacir hərbi xidmətə yola salınıb və onların vətəndaşlıq alması prosesində mümkün qanun pozuntularına yol verildiyi də araşdırılır.
Rusiyada qanunlar hərbi xidmətdən yayınanların vətəndaşlıqdan məhrum edilə biləcəyini nəzərdə tutur.
İstintaq komitəsinin sədri Aleksandr Bastrikin bildirib ki, son 5 ildə 1 milyondan çox Mərkəzi Asiya və Qafqaz əsilli insan Rusiya vətəndaşlığını qəbul edib, onların 550 mini Tacikistan, Özbəkistan və Qırğızıstandandır.